Azərbaycan Tacikistan və Özbəkistanla nəqliyyat, tranzit və logistika məsələləri üzrə birgə komissiyaların yaradılmasına dair sazişlər imzalamağı planlaşdırır. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
"Azərbaycan prezidentinin Türkmənistana səfəri zamanı nəqliyyat sahəsində 9 sənəd imzalanıb. "Nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması haqqında" hökumətlərarası sazişi mühüm sənədlərdən biri hesab edirəm”, - deyə nazir bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu sənəd təkcə Türkmənistana məxsus yüklərin deyil, həm də bu ölkə üzərindən gələn yüklərin tranziti ilə bağlı məsələlərin tənzimlənməsini nəzərdə tutur.
Ş.Mustafaev vurğulayıb ki, 2018-ci ilin 9 ayı ərzində Türkmənistandan Azərbaycan ərazisi ilə 190 min ton qeyri-neft yükü, 4 mln. ton neft nəql edilib. "Gələcəkdə bu yük axını dəfələrlə artacaq. Azərbaycan tərəfi Tacikistan və Özbəkistanla da belə sazişlərin hazırlanması və imzalanması üçün bu ölkələrə səfər etməyi planlaşdırır", - deyə nazir qeyd edib.*
B.Rüstəmbəyov