Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “İnvestisiya fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında Qaydalar”ı təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Palatadan məlumat verilib.
Qaydalara əsasən, səhmdar investisiya fondunun nizamnamə kapitalının minimum məbləği 500 min manat, investisiya fondlarının idarə edilməsini həyata keçirən hüquqi şəxsin nizamnamə kapitalının minimum məbləği isə 125 min manat həcmində müəyyən edilməlidir.
İdarəçinin idarəetməsində olan aktivlərin həcmi 10 mln. manatdan artıq olduqda, idarəçi həmin məbləğdən hər bir 200 min manata görə öz məcmu kapitalını artırılan məbləğin 0.625% həcmində artırmalıdır. Məcmu kapitalın artırılan hissəsi 2 mln. manata çatdıqda məcmu kapitalın artırılması tələb olunmur.
İnvestisiya fondunun idarə edilməsi ilə bağlı xərcləri illik olaraq fondun aktivlərinin 5%-dən artıq ola bilməz.
İnvestisiya fondları 5 növdə yaradıla bilər: borc alətləri investisiya fondları, sərmayə investisiya fondları, qarışıq investisiya fondları, daşınmaz əmlak investisiya fondları, indeks investisiya fondları. Onların hər biri üçün aktivlərin strukturu və tərkibinə görə tələblər müəyyən edilib.*
Ə.Məmmədov