SOCAR Gürcüstan hökumətinin planları çərçivəsində vətəndaşların $570 mln. məbləğində kredit borcunun silinməsinə cəlb olunacağı barədə sosial şəbəkələrdə yayılan məlumatı təkzib edib.
“SOCAR-ın Gürcüstan vətəndaşlarının kredit borclarının silinməsinə cəlb olunacağı ilə bağlı yayılan məlumat təxribat və yalandır. SOCAR Gürcüstanda qanuni vergilərdən başqa Gürcüstan dövlətinə heç bir ödəmə etmir”, - deyə şirkətin "Facebook" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
Neft Şirkəti qeyd edir ki, onun Gürcüstan, Türkiyə, İsveçrə və digər ölkələrdə həyata keçirdiyi fəaliyyətin məqsədi Azərbaycan üçün gəlir və mənfəət əldə etməkdən ibarətdir.
Daha əvvəl yayılan məlumata görə, Gürcüstan hökuməti 600 minə yaxın vətəndaşın $570 mln. məbləğində kredit borcunu silməyi planlaşdırır. Ötən gün Azərbaycanın sosial şəbəkələrində Gürcüstan və Azərbaycan hökumətlərinin sözügedən məbləğin $250 mln.-nun SOCAR tərəfindən ödənilməsi ilə bağlı razılığa gəlməsi barədə məlumat yayılıb.*
A.Əzizov