2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan bankları tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə $5 mlrd. məbləğində əməliyyat aparılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
“Cari ilin yanvar-sentyabr aylarında banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi $5 mlrd. ekvivalentində olub. Bunun $3,9 mlrd.-nı ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib”, - deyə məlumatda bildirilir.
2018-ci ilin I rübündə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə $1,4 mlrd., II və III rüblərdə $1,8 mlrd. məbləğində əməliyyat aparılıb.
Məlumata görə, yanvar-sentyabr aylarında qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi $17,7 mlrd. ekvivalentində olub. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 84%-i ABŞ dollarında, 16%-i digər valyutalarda aparılıb.
Yanvar-sentyabr aylarında qeyri-nağd valyuta əməliyyatlarının 33,1%-i banklararası valyuta bazarında (BVB), 66,9%-i isə bankdaxili valyuta bazarında (BDVB) aparılıb.*
A.Əzizov