Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri 27-28 noyabr tarixlərində Lənkəran şəhərinə və Astara rayonuna səfər həyata keçirirlər.
“27-28 noyabr tarixlərində ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərlərinin Lənkəran şəhərinə və Astara rayonuna səfəri həyata keçirilir”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanda regionların inkişafı ilə yaxından tanış olmaq və bu xüsusda ölkəmizin cənub bölgəsində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə məlumatlanmaq məqsədilə təşkil edilir.
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun 70 nümayəndəsi iştirak edir.
“Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Lənkəran və Astara ərazisində fəaliyyət göstərən sosial və sənaye obyektləri, regionun qida və kənd təsərrüfatı məhsullarının ixrac potensialı ilə tanış olacaqlar”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə