Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətləri 2017-ci ildə dövlət büdcəsinə $379,561 mln. məbləğində mənfəət vergisi ödəyib ki, bu da 2016-cı ilin göstəricisindən 46,7% çoxdur.
Azərbaycan hökumətinin Hasilat Sənayesində Şəffaflıq üzrə dərc olunmuş hesabatına əsasən 2017-ci ildə 17 xarici şirkət (2016-cı ildə 15) tərəfindən dövlət büdcəsinə mənfəət vergisi ödənilib.
Hesabat ilində BP şirkəti daha çox - $118,788 mln. məbləğində mənfəət vergisi (artım 25,8%) ödəyicisi olub.
Mənfəət vergisinin əsas ödəyiciləri arasında Norveçin “Equinor” ($39,395 mln.), Amerikanın “Chevron” ($36,88 mln.), Yaponiyanın “Inpex” ($24,773 mln.) şirkətləri də var.
“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsində iştirak edən 9 şirkət ümumilikdə $366,534 mln. (2016-cı illə müqayisədə artım 44,7% - İF), qalan 8 şirkət $13,027 mln. məbləğində mənfəət vergisi ödəyib.
Hesabata əsasən ötən il SOCAR dövlət büdcəsinə mədən vergisi üzrə 109,548 mln. manat, ƏDV üzrə 162,31 mln. manat, əmlak vergisi üzrə 80,182 mln. manat, torpaq vergisi üzrə 26,969 mln. manat, mənfəət vergisi üzrə 9,287 mln. manat, sair vergilər üzrə 264,844 mln. manat ödəyib. SOCAR tərəfindən ümumilikdə 653,14 mln. manat məbləğində vergi ödənilib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilədə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.*
A.Əzizov