“AccessBank”ın səhmdarları bankın kapitallaşması və yeni səhmdarların cəlb olunması ilə bağlı qərar qəbul ediblər. Bunu bankın İdarə Heyətinin sədri Anar Həsənov deyib.
“Bir müddət öncə bankın xarici investorları tərəfindən kapitallaşma barədə qərar qəbul olunub. Noyabrın 15-də bankın kapitallaşması ilə bağlı saziş imzalanıb. Qeyd edim ki, bu, ilk hüquqi icbari sənəddir və onun tərəfləri qismində bankın mövcud səhmdarları və beynəlxalq kreditorları çıxış edir”, - deyə o, bankın mətbuat xidmətinə müsahibəsində bildirib.
Sədrin sözlərinə görə, kapitallaşma prosesi bitdikdən sonra Azərbaycanın bank sektorunda elə bir maliyyə təşkilatı peyda olacaq ki, onun səhmdarları sırasına mövcud təsisçilərlə yanaşı, Avropa İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və beynəlxalq maliyyə bazarlarında nüfuzlu oyunçu olan digər investorlar daxil olacaq.
“Bu təşkilatların bir çoxu Azərbaycanın maliyyə sektoruna ilk dəfə olaraq kapital yatırımı edəcək. Bildiyim qədər, hətta bəzi investorlarımız “AccessBank”ın səhmdarı olmaq üçün daxili nizamnaməsinə bəzi dəyişikliklər ediblər”, - deyə A.Həsənov qeyd edib.
O deyib ki, sazişə əsasən, kapitallaşma prosesi sözügedən təşkilatlar tərəfindən banka 184 mln. manat məbləğində dəstəyin olunacağını nəzərdə tutur. Bu vəsaitdən 118,5 mln. manat bankın nizamnamə kapitalının artırılmasına yönələcək və bunun nəticəsində səhmdar kapitalı 258 mln. manata çatdırılacaq.
“Əlavə olaraq subordinasiya olunmuş kredit alətləri vasitəsilə II dərəcəli kapitalın 22 mln. manat artırılması planlaşdırılır. Bununla yanaşı, "şərti kapital"ın artırılması üçün də 22 mln. manatın ayrılması nəzərdə tutulub ki, gələcəkdə ehtiyac olduğu halda bu vəsaitdən də istifadə olunacaq”, - deyə sədr əlavə edib.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və respublikanın aparıcı banklarının onluğuna daxildir. Bankın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, “Access Holding” və “LFS Financial Systems GmbH” şirkətləridir.*
Ə.Məmmədov