2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 617 mln. 170,6 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 33,4% çoxdur. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 450 mln. 761,3 min manat (artım 46,7% - İF) və ya bütün bazar üzrə sığorta haqlarının 73%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 256 mln. 326 min manat (artım 85,5%), qeyri-həyat sığortası üzrə sığorta haqları 194 mln. 435,3 min manat (artım 15%) təşkil edib.
Yanvar-oktyabr aylarında icbari sığorta növləri üzrə sığorta haqları 166 mln. 409,3 min manat (artım 7,1%) təşkil edib.
Bu dövrdə sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 205 mln. 960,4 min manat (artım 0,6%) yönəldiblər.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 149 mln. 741,8 min manat (azalma 5,8%) və ya bazar üzrə bütün ödənişlərin 72,7%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 86 mln. 544,2 min manat (azalma 7,6%), qeyri-həyat sığortası üzrə ödənişlər 63 mln. 197,6 min manat (azalma 3,2%) məbləğində olub.
Yanvar-oktyabr aylarında icbari sığorta növləri üzrə ödənişlər 56 mln. 218,6 min manat (artım 22,9%) təşkil edib.
2018-ci ilin oktyabr ayının sonuna Azərbaycanda 21 şirkət sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyaya malikdir.*