Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Qaya Məmmədov etimadnaməsini alyansın baş katibi Yens Stoltenberqə təqdim edib..
“Görüşdə Azərbaycan və NATO arasında əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb”, - deyə Azərbaycanın NATO yanında Nümayəndəliyindən məlumat verilib.
Q.Məmmədov Y.Stoltenberqə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə sülh prosesi barədə məlumat verib.
“O, NATO-nun son Brüssel zirvə toplantısının yekun bəyanatında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə ifadə edilən dəstəyin və münaqişənin bu prinsiplər əsasında həllinə çağıran mövqeyinin təqdir edildiyini vurğulayıb”, - deyə məlumatda bildirilir.
Nümayəndəliyin başçısı Azərbaycanın NATO-nun “Sülh naminə Tərəfdaşlıq” proqramında iştirakına böyük əhəmiyyət verdiyini bildirərək, ölkəmizin Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması sahəsində NATO ilə birgə səylərini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.
Y.Stoltenberq, öz növbəsində Azərbaycan-NATO əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. Baş katib Azərbaycanı alyansın etibarlı tərəfdaşı adlandırıb və Azərbaycan tərəfindən NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək əməliyyatına, eləcə də Əfqan ordusu üzrə Etimad Fonduna verilən töhfələrə görə təşəkkürünü bildirib.*
F.İsazadə