Milli Məclisin bu gün keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondu (DSMF) və İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcə layihələri III oxunuşda qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsinin gəlir və xərcləri 3 mlrd. 928 mln. 104 min manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2018-ci ilin göstəricisindən 9,8% çoxdur.
Gələn il gəlirlərin strukturunda 1 mlrd. 502,732 mln. manat (2018-ci illə müqayisədə artım 15,6%) dövlət büdcəsindən transfertlər hesabına formalaşacaq.
Bundan əlavə, məcburi sosial sığorta üzrə DSMF-yə ayırmalar 2 mlrd. 419,371 mln. manat və ya bütün gəlirlərin 61,6%-i, büdcə təşkilatları işçilərinin icbari sığortası üzrə daxilolmalar 811,687 mln. manat, özəl sektordan daxilolmalar isə 1 mlrd. 497 mln. manat səviyyəsində proqnozlaşdırılır. Qalan daxilolmalar digər gəlirlər üzrə proqnozlaşdırılır.
Gələn il xərclərin strukturunda əhaliyə ödənişlərə 3 mlrd. 834,944 mln. manat məbləğində vəsaitin yönəldilməsi planlaşdırılır. Həmçinin pensiya ödənişinə 3 mlrd. 743 mln. manat, müavinətlərin ödənilməsinə 91,944 mln. manat yönəldiləcək.
Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 22,5 mln. manat, fondun aparatının saxlanması xərcləri 49 mln. manat məbləğində proqnozlaşdırılır, qalan məbləğ digər xərclərin payına düşür.
2019-cu ildə İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri 83,421 mln. manat təşkil edəcək.
Fondun gəlirləri aşağıdakı mənbələr hesabına formalaşacaq: büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar - 13,06 mln. manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə daxilolmalar - 13,06 mln. manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar - 57,3 mln. manat.
2019-cu ildə fondun xərcləri aşağıdakı istiqamətlərdə həyata keçiriləcək: işsizliyə görə sığorta ödənişləri - 11 mln. manat, peşə hazırlığı və əlavə təhsilin təşkili - 1,8 mln. manat, əmək birjaları və əmək yarmarkalarının təşkili - 150 min manat, haqqı ödənilən ictimai işlərin təşkili - 1,9 mln. manat.
Bundan əlavə, gələn il özünüməşğulluq tədbirlərinin təşkilinə 42,041 mln. manat, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 5 mln. manat, məşğulluq orqanlarının saxlanılması xərclərinə 19,26 mln. manat yönəldiləcək.*
R.Babayev