Milli Məclis cümə günü plenar iclasda Vergi Məcəlləsinə 2019-cu ildən etibarən özəl (qeyri-neft) sektorunda çalışan muzdlu işçilərin gəlirlərindən gəlir vergisinin, eləcə də sosial sığorta haqqı dərəcəsinin tutulması sistemində əhəmiyyətli dəyişiklikləri nəzərdə tutan düzəlişlər layihəsini II və III oxunuşda qəbul edib.
Qeyd olunan düzəlişlərin lehinə 105 deputat səs verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentlirinin parlament müxbiri məlumat verir.
Parlamentin sədri Oqtay Əsədov vergi sistemində bu islahatları “iqlilabi” adlandırıb.
Düzəlişlərə əsasən, bu islahatlar çərçivəsində 2019-cu il yanvarın 1-dən başlayaraq 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyridövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi üzrə 100 faiz müəyyən edilməsi nəzərdə tutulub.
Muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8000 manatdan çox olduqda isə 44 faiz (25 faizdən 14 faizədək endirilməsi) güzəştin müəyyən edilməsi nəzərdə tutulub.
Eyni zamanda, bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.
İslahatın digər mühüm istiqaməti məcburi dövlət sosial sığorta haqları üzrə ümumi yükün işəgötürən və işçi üzərinə düşən nisbətlərinin tənzimlənməsi ilə bağlıdır. Belə ki, neft-qaz sahəsində fəaliyyəti 55 olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyənlərə münasibətdə sosial sığorta haqqı dərəcəsinin aylıq gəlir məbləği 200 manatadək olduqda işçi üzrə 3 faiz, işəgötürən üzrə 22 faiz həddində müəyyənləşdirilməsi nəzərdə tutulub.
Aylıq gəlir məbləği 200 manatdan çox olduqda isə işçi üzrə 6 manat və 200 manatdan yuxarı olan hissənin 10,0 faizi, işəgötürən üzrə 44 manat və 200 manatdan yuxarı olan hissənin 15,0 faizi həddində müəyyənləşdirilməsi nəzərdə tutulub.
Hökumətin qiymətləndirmələrinə görə, ilkin mərhələdə bu islahatlar nəticəsində dövlət büdcəsinə “gəlir vergisi” maddəsi üzrə daxilolmalar bir qədər azala bilər. Lakin növbəti illərdə ölkədə iqtisadi fəallığın artması və “kölgə iqtisadiyyatı”nın payının azalması, vergi inzibatçılığının güclənməsi ilə bu vergi növü üzrə büdcəyə daxilolmalarda artım müşahidə olunacaq.
Layihədə mikro biznes, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əmlak, torpaq vergisi və ƏDV üzrə güzəştlər nəzərdə tutulub. Xüsusilə kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər KOB reyestrində qeydiyyata alındıqları andan etibarən 7 il müddətinə mənfəət, torpaq və əlavə dəyər vergisindən azad edilirlər.
KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalının da 7 il müddətinə ƏDV-dən azad edilməsi təklif olunur.
Bundan başqa, kiçik və orta biznes klasterinin iştirakçısı olan sahibkarlar tərəfindən göstərilmiş xidmətlərdən əldə edilən gəlirlərin əsaslı xərclərə yönəldilmiş hissəsi 7 il müddətinə gəlir vergisindən azad edilir.
Mikro-sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75%-nin vergidən azad edilməsi daxildir. Bundan başqa, mikro-sahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmlak vergisindən azad edilirlər.
Dəyişikliklər, həmçinin mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startaperlərin startap fəaliyyəti üçün şəhadətnamə aldıqları andan etibarən 3 il müddətinə gəlir və mənfəət vergisi ödənişindən azad edilməsini nəzərdə tutur.
Vergi Məcəlləsinə dəyişikliklərdə maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməməsinə görə maliyyə sanksiyasının 5 dəfə - hər belə hesab və ya əməliyyat üçün 500 manatadək artırılması təklif olunur.
Bundan başqa, vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların vaxtında və ya lazımi qaydada təqdim edilməməsinə görə sanksiyanın 10 dəfə - 10 min manatadək artırılması planlaşdırılır.
O cümlədən, düzəlişlərə uçot siyasətinin pozulmasına görə vergi ödəyiciləri barəsində sanksiyaların sərtləşdirilməsi, Azərbaycana avtomobil idxalına aksiz dərəcələrinin artırılması, ölkəyə avtobusların gətirilməsinə aksizlərin tətbiqi, sadələşdirilmiş vergitutma sistemində dəyişikliklər və bir sıra digər tədbirlər daxildir. **
R.Babayev