Azərbaycan, Pakistan və Türkiyə birgə hərbi təlimlərin keçirilməsini müzakirə edir. Bu barədə “AzeriDefence” jurnalına Pakistan Təlim və Tədris Komandanlığının nümayəndəsi məlumat verib.
«Üçtərəfli təlimlərin mövzusu son illər bir neçə dəfə müzakirə olunub. Pakistanın aviasiya hərbçiləri gələcəkdə Azərbaycan-Türkiyə “TURAZ Şahini” birgə taktiki-uçuş təlimlərində iştirak etməyi və bu təlimlərin ikitərəfli formatdan üçtərəfli formata keçirilməsini arzu edirlər», - deyə o bildirib.
Nümayəndənin sözlərinə görə, həm Pakistan, həm Türkiyə, həm də Azərbaycan hərbçilərinin iştirakı ilə ayrı-ayrı təlimlər keçirilir. Azərbaycan hərbçiləri Pakistanda keçirilən dağ kurslarında, eləcə də reyncer kurslarında iştirak edib və sertifikatlar alıblar.
“Hazırda Pakistan Hərbi Hava Qüvvələrinin Mi-17 helikopter pilotları Azərbaycan Hərbi Hava Qüvvələrinin Təlim və Tədris Mərkəzində təlimlərdə iştirak edirlər”, - deyə o qeyd edib.*
F.İsazadə