2018-ci ilin yekunları üzrə “Azəri-Çıraq-Günəşli” blokundan (AÇG)orta sutkalıq neft hasilatı həcmi 581 min barel təşkil edəcək. Bu barədə “BP-Azerbaycan” şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib.
“İlin yekunları üzrə AÇG blokunda orta sutkalıq neft hasilatı həcmi 581 min barel təşkil edəcək”, - B.Aslanbəyli cümə günü jurnalistlərə bildirib.
Xəbər verildiyi kimi, 2017-ci ildə AÇG blokunda orta sutkalıq neft hasilatı həcmi 588 min barel təşkil edib.
Yanvar-sentyabr aylarının yekunları üzrə AÇG blokunda orta sutkalıq neft hasilatı həcmi 588 min təşkil edib. Nəticədə, blokda 22 mln. ton neft (161 mln. barel) hasil olunub, bu da ötən ilin analoji dövrünün göstəricisinə uyğundur.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.*
Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $40 mlrd. həcmində qiymətləndirilir və 500 mln. tondan çox neft hasil olunacağı nəzərdə tutulur.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci ilin fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb. **
B.Rüstəmbəyov