Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) “Azərbaycan” pavilyonunda (14 saylı pavilyon) ucalan “Çoban” və “Azərbaycanlı qadın” tarixi heykəlləri əvvəlki yerlərində qoyulacaq. Bu barədə Moskva Mədəni İrs Departamenti (“Mosqornasledie”) məlumat verir.
“Binanı bəzəyən heykəllər Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan müəllif qəlibləri üzrə yenidən hazırlanacaq”, - məlumatda deyilir.
Məlumata əsasən, 2018-ci ilin oktyabrında Heydər Əliyev Fondunun dəvəti ilə “Mosqornasledie” və XTNS-in əməkdaşları, habelə bərpaçılardan ibarət nümayəndə heyəti Bakıya səfər edib. Burada müzakirə olunan məsələlər arasında gələcəkdə sərginin ərazisində Azərbaycanın milli mərkəzi olacaq pavilyonun bərpası işləri də var idi.
“Məhz orada razılığa gəlindi ki, 1960-cı illərədək binanın fasadını bəzəmiş və sonradan itirilmiş “Çoban” və “Azərbaycanlı qadın” heykəllərinin surətləri çıxarılsın. Bunu sərginin profilinin sahələr üzrə dəyişməsi və bir çox pavilyonların rekonstruksiyasından əvvəl etmək lazımdır”, - Moskva Mədəni İrs Departamentinin rəhbəri Aleksey Yemelyanov qeyd edib.
14 nömrəli pavilyonun tarixi simasının bərpası məqsədilə mütəxəssislər XTNS-dəki əsas fasadın qarşısında iki fəvvarə camı, keramik plitələr, divarların və sütunların mərmər üzüklərində mozaika elementləri və naxışlardan ibarət kompleks yaradacaqlar. Bunlarla yanaşı, vitraj-şəbəkələri qismən bərpa etməklə, qoz ağacından hazırlanmış autentik Azərbaycan məhəccərləri də hazırlanacaq.
Bərpa işlərinin 2019-cu ildə başa çatması nəzərdə tutulur.
14 nömrəli pavilyon 1939-cu ildə memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsi əsasında Azərbaycan SSR-in pavilyonu üçün tikilib. Azərbaycan heykəltəraş-monumentalisti Fuad Əbdürəhmanovun 1950-1951-ci illərdə ərsəyə gətirdiyi “Çoban” və “Azərbaycanlı qadın” heykəlləri uzun müddət bu pavilyonun əsas fasadını bəzəyiblər. Heykəltəraş “Çoban” heykəlini yaratdığına görə Stalin mükafatına layiq görülüb. Sənədli tədqiqatlar və məsləhətləşmələr zamanı Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda müəllifin gipsdən düzəldilmiş orijinal qəlibləri, həmçinin heykəllərin daha sonra tuncdan tökülmüş surətləri tapılıb.
Öncə Azərbaycan prezidenti Ilham Əliyev bildirib ki, 2019-cu ildə Xalq Təssərufatı Nailiyyətləri Sərgisində (VDNX) Azərbaycan pavilyonunun açılışı olacaq. **
F.İsazadə