Azərbaycan 2018-ci ilin yanvar-oktyabr aylarında $1 mlrd. 351 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 11% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Bu ilin 10 ayı ərzində ixracın strukturunda əsas həcm pomidor ($149,9 mln. – 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə artım 14%), qızıl ($99,9 mln. – artım 1,5%), polietilen ($68,5 mln. – artım 15,1%), təmizlənmiş qoz ($65,7 mln. – azalma 25,8%) və pambığın ($63,8 mln. – artım 2,34 dəfə) payına düşüb.
Yanvar-oktyabr aylarında Azərbaycan daha çox meyvə və tərəvəz ($405,5 mln. və ya qeyri-neft ixracının ümumi həcminin 30%-i) ixrac edib.
Hesabat dövründə Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($467,1 mln. – artım 10,1%), Türkiyə ($293,8 mln. – artım 20,9%), İsveçrə ($111,4 mln. – azalma 0,7%), Gürcüstan ($106,5 mln. – azalma 1,4%) və Qazaxıstan ($38,4 mln. – artım 47,6%) daxildir. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 34,5%-i RF-nin payına düşüb.*
B.Rüstəmbəyov