Cari ilin iyul ayında Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə qarşı sui-qəsd və Gəncədə ictimai asayişin pozulması faktı ilə bağlı başlanılan cinayət işi məhkəməyə göndərilib. Bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti vəBaş Prokurorluğun birgə məlumatında deyilir.
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesdə 22 nəfər - Maarif Hacıyev, Şahlar Rzayev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Kamal Məhərrəmov, Seymur Əliyev, Toğrul Verdiyev, Orxan Yağnəliyev, Araz Həsənov və Vaqif Əşrəfov, Xəyal Qafarov,Kamal Quliyev, Raul Süleymanov, Ülvi Həsənov, Vüqar Allahverdiyev,Samir İbrahimov,Əli Rzayev,Rauf Qurbanzadə, Mireşqin Seyidov, Kamal Məmmədtağıyev və Qadir Hüseynov təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq.
Qeyd olunan şəxslər Cinayət Məcəlləsinin 220.1 (Kütləvi iğtişaş),228.1 (Qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə),234.4.3-cü (Bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə olunması), 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilirlər.
M.Hacıyev, X.Qafarovun, onlar ilə eyni cinayətkar niyyətləri və radikal dini baxışları bölüşənŞ.Rzayev, R.Böyükkişiyev, K.Quliyevvə digər şəxslərlə cinayət əlaqəsinə girib sosial şəbəkələrdə, şəxsi görüş və söhbətlərdə zorakılıqlara və kütləvi iğtişaşlara çağırış xarakterli məlumatlar yaymaları, Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydana toplamaq barədə çağırışlar yaymalarına əsaslı şübhələr müəyyən edilib.
adları çəkilən şəxslərin Gəncə şəhərində ictimai asayişi kobud şəkildə pozmaları, zorakılıqlar törətməsi, o cümlədən hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar təşkil etmələrinə, həmin hadisələrdə fəal iştirakına, X həm də qanunsuz olaraq əl qumbaraları, avtomat silahlara aid patronlar, külli miqdarda narkotik vasitə əldə edib saxlamalarına, gəzdirmələrinə və daşımalarına əsaslı şübhələr müəyyən edilib.
Xəbər verildiyi kimi, cari il iyulun 3-də axşam saatlarında Gəncədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Nəticədə, E.Vəliyev yaralanıb, hazırda müalicə alır. Eyni zamanda, sui-qəsd törədən Yunis Səfərov hüquq-mühafizə orqanları tərəfindən hadisə yerində saxlanılıb. İstintaq Y.Səfərovun hərəkətlərini məqsədyönlü və planlaşdırılmış terror aktı kimi qiymətləndirib.
İyulun 10-da axşam saatlarında Gəncə şəhərində razılaşdırılmayan aksiyanın qarşısı alınması zamanı iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini Səməd Abbasov həlak olublar.
Aksiya Y.Səfərova dəstək məqsədi daşıyıb. Aksiyanı 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup keçirməyə cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.**
R.Babayev