Azərbaycan 2018-ci ilin yanvar-sentyabr aylarında "Şahdəniz" yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində Türkiyəyə 5 mlrd. 209,52 mln. kubmetr qaz ixrac edib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 7,3% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.
Sentyabr ayında Azərbaycandan Türkiyəyə 749,22 mln. kubmetr (2017-ci ilin sentyabr ayına artım 29,2% - İF) qaz ixrac olunub. Bu dövrdə Türkiyəyə qaz tədarükünün ümumi həcminin 22,83%-i Azərbaycan qazının payına düşüb.
Sentyabr ayı ərzində bu ölkəyə 3 mlrd. 281,47 mln. kubmetr qaz ixrac edilib (2017-ci ilin sentyabr ayı ilə müqayisədə azalma 10,85%).
2017-ci ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 542,39 mln. kubmetr qaz ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.*
N.Abbasova