Turistlərin xidmət keyfiyyətinin yüksək səviyyədə təmin olunması hotel biznesi nümayəndələrinin əsas vəzifəsidir. Bunu Dövlət Turizm Agentliyinin prezidenti Fuad Nağıyev bəyan edib.
“Hotel biznesində öz həllini tələb edən problemlər mövcuddur. Onlardan biri turistlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması zərurətidir”, - F.Nağıyev çərşənbə axşamı Bakıda Azərbaycan Hotellər Assosiasiyasının I Baş Assambleyasında bildirib.
F.Nağıyev o cümlədən yüksək ixtisaslı kadrların hazırlanmasını bu istiqamətdə əsas vəzifə adlandırıb. “Turizm biznesi sahəsində tədrisin inkişafı turistlərə göstərilən xidmətlərin keyfiyyətinə birbaşa təsir göstərir”, - DTA-nın prezidenti qeyd edib.
O, həmçinin mehmanxanalara ulduzların verilməsini daha bir vacib istiqamət hesab edir. “Paytaxt və regionlarda kiçik hotellərin fəaliyyətini stimulllaşdırmaq lazımdır. Bu səbəbdən mehmanxanaların bütün il boyu fəaliyyətinin təminatı məqsədilə iş aparılır. Məqsədlərimizdən biri hotellərin fəaliyyətinin dünya standartlarına uyğunlaşdırılması və Azərbaycanın hotel biznesinin beynəlxalq səviyyəyə çıxarılmasıdır”, - F.Nağıyev vurğulayıb.
“Yerli mehmanxana biznesinin beynəlxalq standartlara uyğunlaşması Azərbaycana beynəlxalq turizm mərkəzinə çevrilməyə yardım edəcək ”, - “Absheron Hotel Group”un icraçı direktoru Jiri Kobos hesab edir. **
R.Babayev