Azərbaycanın loukost aviaşirkəti “Buta Airways” Braziliyadan yeni “Embraer E-190” təyyarəsi alıb. Bu barədə şirkətin məlumatında deyilir.
“Ənənəyə uyğun olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni təyyarə “su arkası” ilə qarşılanıb. Yeni təyyarə aşağı büdcəli aviadaşıyıcının donanmasında sayca səkkizincidir və aviaşirkətin uçuş cədvəlinə daha çox tələbat olan istiqamətlərə əlavə reysləri əlavə etməyə imkan verəcək”, - deyə məlumatda bildirilir.
“Buta Airways”-in yeni təyyarəsi Ağdam şəhərinin adını daşıyır.
“Buta Airways”in əsası 2016-ci ilin dekabr ayında qoyulub və 2017-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb. Hazırda loukoster Bakı və Gəncə hava limanlarından uçuşlar olmaqla Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İranvə Bolqarıstanda 10 beynəlxalq istiqamət üzrə yaxın xaricə reyslər yerinə yetirir. Uçuşlarda sərnişin yüklənməsi əksər istiqamətlər üzrə ən azı 85% təşkil edir.
2018-ci ilin 10 ayı ərzində “Buta Airways” ilə 382 min sərnişin daşınıb.*
B.Rüstəmbəyov