Hazırda Rusiya-Ermənistan münasibətləri mürəkkəb dövrdən keçir, İrəvanın Moskva ilə ciddi problemləri var. Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov belə hesab edir.
“Bu gün Ermənistanın Rusiya ilə böyük problemləri var. Lakin, buna baxmayaraq, Dövlət Dumasının deputatı Konstantin Zatulin bir daha Ermənistanın bizim (Rusiyanın - İF) dostumuz və strateji tərəfdaşımız olduğunu bəyan edəcək”, - F.Axundov İrəvanda keçirilən “Lazarev klubu”nun təsis iclasına münasibət bildirərkən jurnalistlərə bəyan edib.
Onun sözlərinə görə, rusiyalı parlamentari “Ermənistan tərəfinin ona ödədiyi pulun əvəzini verir”. “Ermənilərin yaradılması barədə elan etdiyi Lazarev klubunun meydana gəlməsi səbəbini anlamaq çətin deyil. Rusiyada Ermənistan tərəfinin maliyyələşdirdiyi dairələr var. Həmçinin, Ermənistanda Rusiyaya qarşı çox yaxşı münasibətin nümayiş edildiyini bəyan edən Konstantin Zatulin kimi. Ermənistandan ruslar qovulduğu, rus məktəbləri bağlandığı zaman, həmin Zatulin bəyan edirdi ki, İrəvan strateji tərəfdaşımızdır”, - F.Axundov bildirib.
O qeyd edib ki, hətta Rsuiyanın İrəvandakı səfirliyi “rus məktəblərinin bağlanmasına narazılıq ifadə edərək həyəcan siqnalı çalırdı”.
“Zatulinin erməni sponsorlarını razı salmaq üçün Ermənistanın Rusiyanın strateji tərəfdaşı olduğunu bəyan etməsinə baxmayaraq, həqiqət ondan ibarətdir ki, bu gün İrəvanın Moskva ilə ciddi problemləri var”, - F.Axundov əlavə edib. **
R.Babayev