2019-cu ilin əvvəlində Bakıda sahilyanı dövlətərin xarici işlər nazirlərinin hamiliyi ilə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanınmüddəalarının icrası üzrə xüsusi İşçi Qrupunun ilk iclası keçiriləcək. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.
“Gələn ilin əvvəlində İşçi Qrupunun ilk iclası keçiriləcək. İşçi Qrupu Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın səmərəli icrası və Xəzərdə əməkdaşlığın icmalı məqsədilə yaradılıb. Aktauda keçirilən Sammit zamanı dövlət başçılarına ilk növbədə dənizdə birbaşa başlanğıc xəttlərinin müəyyən edilməsi metodikasınadair sazişin hazlırlanmasına başlamaq tapşırılıb”, - X.Xələfov “Moskva-Baku” portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar Bakıda keçiriləcək görüşdə tərəflərin bu saziş layihəsinin hazırlanmasına dair məsələnin nəzərdən keçirilməsi gözlənilir. “O cümlədən, Beşinci Xəzər Sammiti çərçivəsində əldə olunan razılıqların icrası ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır”, - nazir müavini qeyd edib.
X.Xələfov vurğulayıb ki, Xəzər dənizinin statusu üzrə Konvensiya tərəflərin dənizin dibi ilə kabel və boru kəmərlərinin çəkilməsi hüquqlarını müəyyən edir, bu da öz növbəsində, regionda əməksdaşlıq üçün yeni imkanlar açır.
“Bu sənəd fundamental hüquq bazası rolunu oynayaraq, sahilyanı dövlətlərin sahələr üzrə qarşılıqlı təsirini təşviq edir və onlar arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə çıxışını nümayiş etdirir. Bununla əlaqədar, Azərbaycan gələcəkdə də Xəzər dənizində bu və ya digər sahələrdə sahilyanı dövlətlərlə əməkdaşlıq həyata keçirməyi və genişləndirməyi planlaşdırır”, - X.Xələfov qeyd edib.
R.Babayev