Serbiya Belqrad Hava Limanında Azərbaycanın işğal olunmuş ərazilərində istehsal olunan “Artsakh” brendi ilə məhsulların satışını qadağan edib. Bu barədə rəsmi mətbuat Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
“Azərbaycanın Serbiyadakı səfirliyi Nikola Tesla adına Belqrad Hava Limanındakı “Duty Free” mağazasında Azərbaycanın işğal olunmuş ərazilərində istehsal olunan “Artsakh” ümumi brendi ilə spirtli içki məhsullarının “Armenian Flavours” adlı ayrıca guşədə satışa çıxarıldığı faktı aşkar edib. Azərbaycan səfirliyi tərəfindən operativ qaydada Serbiyanın dövlət və hökumətinə notalar ünvanlanıb, müvafiq görüşlər keçirilib”, - məlumatda deyilir.
Qeyd olunur ki, təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən məhsullar satış rəflərindən yığışdırılıb.
“Azərbaycan tərəfi bu faktla bağlı qəti etiraz edib və bu məhsulların satışının aradan qaldırılmasını xahiş edib. Nəticədə, Belqrad Hava Limanındakı “Duty Free” mağazasında “Artsakh” brendi adı ilə müxtəlif spirtli içkiləri satış rəflərindən yığışdırılıb”, - məlumatda qeyd olunur. **
Ə.Məmmədov