Azərbaycan Silahlı Qüvvələrinə sahil mühafizəsi üçün “Bal-E” raket kompleksinin tədarükü Rusiya Müdafiə Nazirliyinin mövqeyi ilə əlaqədar baş tutmayıb. Bu barədə “Kommersant” qəzeti yazır.
Qəzetin məlumatına görə, rusiyalı hərbçilər hesab ediblər ki, bu kompleksə daxil olan raketin hətta ixrac modifikasiyası Rusiya Xəzər donanmasının RF-nin ərazi sularında olan gəmilərinə potensial təhlükə yarada bilər.
Qəzet vəziyyətlə tanış olan mənbəyə istinadən qeyd edir ki, Azərbaycan və Rusiya arasında “Bal-E” raket kompleksinin kiçik partiyasının və 3М24 raketlərinin (ixrac versiyası Х-35Э) tədarükünü nəzərdə tutan müqavilə paraflanıb. Lakin yekun saziş imzalanmayıb. Səbəb RF Müdafiə Nazirliyinin Xəzər donanması gəmilərinin təhlükəsizliyinin təmin edilməsi üçün bu komplekslərin tədarükünün məqsədəuyğun olmamasını əks etdirən xüsusi mövqeyindən qaynaqlanır.
Nəşr bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinə “Bal-E” raket kompleksinin tədarükü mövzusu hazırda müzakirə olunmur. Çünki bu məsələdə olduqca incə geosiyasi məqam var. Son illərdə “Х-35” tipli raketin tuşlama başlığı dənizdəki hədəflərlə yanaşı, yerüstü hədəfləri də məhv etmək üçün modernləşdirilib. «Biz istəmirik ki, bu silah Dağlıq Qarabağ münaqişəsində istifadə olunsun», - deyə mənbə qeyd edib.*
F.İsazadə