2018-ci ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 241,5 mln. manat məbləğində ipoteka krediti verilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 43,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Oktyabr ayında agent banklar tərəfindən 31,3 mln. manat məbləğində ipoteka krediti verilib, bu isə cari iliən yüksək aylıq göstəricisidir.
AMB-nin məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında İKZF 201,3 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib (2017-ci ilin 10 ayı ilə müqayisədə artım 2,8 dəfə - İF).
Bu dövrdə fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 100 mln. manat alıb.
İKZF 2018-ci ilin yanvar-oktyabr aylarında istiqrazların yerləşdirilməsindən 175 mln. manat cəlb edib.
2017-ci ildə fondun agent bankları tərəfindən 202,9 mln. manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.**
Ə.Məmmədov