1 noyabr 2018-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,492 min ədəd bankomat quraşdırılıb ki, bu da 2017-ci ilin sonuna olan göstəricidən 2,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Noyabrın 1-nə Bakıda 1,325 min ədəd (yanvar-oktyabr aylarında artım 1,3%), bölgələrdə 1,167 min ədəd (artım 3,9%) bankomat quraşdırılıb.
2018-ci il noyabrın 1-nə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 65,862 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 0,6% çoxdur.
Bununla yanaşı, Bakıda 38,583 min ədəd (artım 4,1%), regionlarda 27,279 min ədəd (azalma 4%) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 64,479 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,9%-i quraşdırılıb.*
Ə.Məmmədov