İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş Qırğızıstanın Dövlət Gömrük Xidmətinin sabiq sədri Adamkul Junusov Bakıda saxlanılıb.
"Biz A.Junusovun Azərbaycanda saxlanılması barədə məlumat almışıq. Lakin azərbaycanlı həmkarlardan rəsmi məlumat hələ yoxdur", - deyə Qırğızıstanın İqtisadi cinayətlərə qarşı mübarizə üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin nümayəndəsi “İnterfaks”a bildirib.
O qeyd edib ki, A.Junusov Qırğızıstanın hüquq-mühafizə orqanları tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verildiyi üçün çox ehtimal ki, qırğızıstanlı əməkdaşlar Bakıya gedərək onu vətənə gətirəcəklər.
A.Junusov 2013-2016-cı illərdə Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışıb. 2016-cı ildən 2018-ci ilin fevral ayınadək Avrasiya İqtisadi Komissiyası (AİK) kollegiyasının üzvü, AİK-in energetika və infrastruktur naziri olub.
O, dövlətə külli-miqdarda (166,9 mln. somdan çox ($2,45 mln.)) maddi ziyan vurmaqda ittiham olunur.*