Energetika naziri Pərviz Şahbazov və OPEC Konfransının prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei Vyanada bazarda neftin ucuzlaşmasının qarşısının alınması, bazarda sabitliyə nail olmaq məqsədilə mümkün variantlar üzrə müzakirə aparıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“Görüşdə bildirilib ki, hazırda OPEC+ ölkələrinin neft istehsalını azaltmaları təklifi səsləndirilir. Lakin neft bazarının gələcək inkişaf istiqaməti ilə bağlı fikirlər OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin bugünkü iclasında aydınlaşacaq”, - deyə məlumatda bildirilir.
Söhbət zamanı Azərbaycanın OPEC+ əməkdaşlıq formatında rolu, eləcə də BƏƏ ilə ölkəmiz arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb.
Xəbər verildiyi kimi, dekabr ayının 5-də Vyanada OPEC+ Nazirlərinin Monitorinq Komitəsinin iclası, dekabrın 6-da kartel ölkələrinin nazirlərinin toplantısı keçiriləcək. OPEC+ razılaşmasının iştirakçıları olan 25 ölkənin nazirləri dekabrın 7-də Vyanada toplaşacaqlar.*
B.Rüstəmbəyov