Çərşənbə günü Bakıda Azərbaycan və ABŞ arasında geniş tərkibli “İkitərəfli Hərbi Məsləhətləşmələr” keçirilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Məsləhətləşmələrdə Azərbaycan tərəfinə Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş idarəsinin rəisi general-leytenant Kərim Vəliyev, Amerika tərəfinə - ABŞ müdafiə nazirinin müavininin müşaviri Laura Kuper rəhbərlik edib.
“Tədbirdə Azərbaycan-ABŞ hərbi əlaqələrinin genişləndirilməsi, təhlükəsizlik, hərbi təhsil barədə ətraflı fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, həmçinin tərəflər Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda həyata keçirdiyi qeyri-döyüş missiyasına verdiyi töhfə və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
L.Kuper Əfqanıstanda keçirilən “Qətiyyətli Dəstək” missiyasında sülhməramlılarımızın nümunəvi xidmətini xüsusi qeyd edib.
"Amerika tərəfinə regiondakı vəziyyət haqqında ətraflı məlumat verilib “Tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmasının vacibliyini vurğulayıblar”, - məlumatda bildirilir. **
F.İsazadə