İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclasının dekabr ayının 13-də Moskvada keçirilməsi planlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
«Hökumətlərarası komissiyanın həmsədrləri Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkindir. Komissiyanın 17-ci iclasının dekabrın 13-də Moskvada keçirilməsi planlaşdırılır», - deyə iclasa hazırlığın gedişi ilə tanış olan mənbə bildirib.
Daha əvvəl iclasın noyabrın 23-də keçirilməsi planlaşdırılırdı, lakin tərəflərin qarşılıqlı razılığı ilə iclasın vaxtı dəyişdirilib.
Hökumətlərarası Komissiyanın sonuncu iclası 2016-cı ilin dekabr ayında Bakıda keçirilib.
Mənbənin sözlərinə görə, dekabrın 7-də Belqradda Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək. «İqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti iclasda iştirak etmək üçün artıq Belqrada yola düşüb», - deyə mənbə qeyd edib.
Komissiyanın əvvəlki, 4-cü iclası 2015-ci ilin sentyabr ayında Bakıda keçirilib.*
Ə.Məmmədov