31 mart 2019-cu il tarixindən etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakı-Ankara (Esenboğa aeroportu) istiqaməti üzrə birbaşa aviareyslərə başlayacaq. Bu barədə şirkətin məlumatında deyilir.
“Ankara loukosterin Türkiyədə dördüncü istiqaməti olacaq. Belə ki, aviaşirkət artıq Bakıdan İstanbula, Alanyaya və İzmirə müntəzəm reyslər yerinə yetirir”, - deyə məlumatda bildirilir.
Uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Bakı-Ankara istiqaməti üzrə minimal tarif 29 avro (bir tərəfə) təşkil edir.
Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifində baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.
"Super" tarifi 10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutur.
“Buta Airways”in əsası 2016-ci ilin dekabr ayında qoyulub və 2017-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb. Hazırda loukoster Bakı və Gəncə hava limanlarından uçuşlar olmaqla Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İranvə Bolqarıstanda 10 beynəlxalq istiqamət üzrə yaxın xaricə reyslər yerinə yetirir. Uçuşlarda sərnişin yüklənməsi əksər istiqamətlər üzrə ən azı 85% təşkil edir.*
B.Rüstəmbəyov