2019-cu ildə Azərbaycan-Argentina iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçiriləcək. Bu barədə Azərbaycanın Buenos-Ayresdəki səfiri Rəşad Aslanov məlumat verib.
“Səfir Birgə Komissiyanın ikinci iclasının kənd təsərrüfatı, energetika, sərmayə qoyuluşu layihələri, turizm və digər sahələrdə münasibətlərin irəlilədilməsinə töhfə verəcəyinə əmin olduğunu diqqətə çatdırıb”, - Azərbaycanın Argentinadakı səfirliyinin məlumatında deyilir.
R.Aslanov Azərbaycan ilə Argentina arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə rəsmi mərasimdə 2010-cu ildə Azərbaycanın Cənubi Amerika regionunda ilk səfirliyinin Buenos-Ayresdə təsis edilməsinin əhəmiyyətini qeyd edib.
Argentinanın xarici siyasət üzrə dövlət katibinin müavini Qustavo Zlauvinen Azərbaycanla ikitərəfli münasibətlərin yüksk səviyyəsini qeyd edib və Buenos-Ayresin Bakı ilə əməkdaşlığının dərinləşməsində maraqlı olduğunu vurğulayıb.
Azərbaycan-Argentina iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq üzrə Birgə Komissiyanın birinci iclası 2014-cü ilin noyabr ayında Buenos Ayresdə keçirilib. **
R.Babayev