Azərbaycan NATO ilə praktiki əməkdaşlığı davam etdirmək niyyətindədir. Bunu xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, A.Əzimov Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının “Qətiyyətli Dəstək” missiyası üzrə hazırkı və potensial əməliyyat tərəfdaşları ilə birgə xarici işlər nazirləri səviyyəsində iclas çərçivəsində NATO baş katibinin müavini xanım Rouz Qotemöllerlə görüşüb.
“Azərbaycan Alyans ilə müntəzəm siyasi dialoqu və praktiki əməkdaşlığı davam etdirmək niyyətindədir”, - deyə o bildirib.
R.Qotemöller Azərbaycanın “Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə, tranzit, təlim və maliyyə töhfələrini yüksək qiymətləndirib. O, Əfqanıstanda sülhün və sabitliyin təmininə yönələn səylərinə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib.
Tərəflər, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb.*
F.İsazadə