Naxçıvan Muxtar Respublikasında Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub.
“Ağbulaq kəndində müasir infrastruktur yaradılıb, kənddəki 65 ev yenidən qurularaq müasir şəraitlə təmin edilib. Ağbulaq kəndi turizm istirahət bölgəsi kimi fəaliyyət göstərməyə hazırdır”, - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təqdimatda deyib.
O qeyd edib ki, Ağbulaq kəndində ilin bütün fəsillərində turizmi inkişaf etdirmək mümkündür. Təbiəti, havası və müasir infrastrukturu kənddə istər yaz, yay və payız, istərsə də qış turizminin inkişafı üçün geniş imkanlar açır. “Kənddə dağ-xizək mərkəzinin tikintisinə başlanılıb. Cari il kənddə 1,5 mln. manat dəyərində yenidənqurma işləri aparılıb”, - V.Talıbov vurğulayıb.
O hesab edir ki, turistlərin Ağbulaq kəndinə gəlməsi turizmin canlanmasına və ölkənin inkişafına töhfə verəcək.
Ali Məclisin sədri Ağbulaq Xizək Mərkəzində aparılan tikinti işləri ilə tanış olub. Xizək mərkəzinin yaradılmasına 2018-ci ilin iyul ayından başlanılıb və tikinti işlərinin 80%-i başa çatdırılıb. 1590 metr uzunluğundakı xizəksürmə zolağında və təlim meydançasında torpaq işləri görülüb. Hazırda kanat dayaqlarının, 20 min kubmetr tutumu olan süni gölün, qaraj binasının, süni qar qurğuları üçün su və hava xəttinin qazma işləri davam etdirilir.
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin 2018-ci il noyabrın 29-da imzaladığı sərəncam əsasında həyata keçirilir. Turizm Bölgəsinin ərazisi 1,5 min hektar təşkil edir. **
K.Hüseynova