SOCAR Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernləşdirilməsi prosesində yüksək keyfiyyətli hidrogen təchizatı üçün qısa dövriyyəli adsorbsiyaya əsaslanan (PSA) “Honeywell UOP” texnologiyasından istifadə edəcək. Bu barədə şirkətin məlumatında deyilir.
““Honeywell UOP” SOCAR-ın neft emalı zavodunu iki PSA qurğusu ilə təchiz edəcək”, - deyə məlumatda bildirilir.
Yeni PSA texnologiyası Azərbaycanda “Avro-5” standartlı yanacaqlara artan tələbatın ödənilməsinə kömək edəcək.
H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi ümumilikdə 3 mərhələdə həyata keçiriləcək və 14 qurğunun tikintisini nəzərdə tutur. Layihə $2,2 mlrd. məbləğində qiymətləndirilir.
BNEZ-in yenidən qurulmasının birinci mərhələsi 2018-ci ildə başa çatacaq. Nəticədə yeni bitum qurğusu, ümumi zavod təsərrüfatı qurğuları və yeni LPG məntəqəsi istifadəyə veriləcək. 2020-ci ilin sonunda BNEZ-in yenidən qurulmasının ikinci mərhələsinin yekununda “Avro-5” standartları üzrə dizel yanacağının istehsalı, üçüncü mərhələnin yekunları üzrə “Avro-5” standartları üzrə Aİ 92/95/98 markalı avtomobil benzininin istehsalı təşkil olunacaq.*
B.Rüstəmbəyov