Belarusun Məlumatın Texniki Müdafiəsi Elmi-Texniki İnstitutu avadanlıq tədarükünə dair Azərbaycanın güc strukturlarının biri ilə müqavilə imzalayacaq. Tədarük 2019-cu ildən etibarən həyata keçiriləcək. Bu barədə İnstitutun direktoru Aleksandr Qorbaç “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib.
“İnstitutumuz şəxsi məlumatlardan tutmuş dövlət sirri və məxfi məlumatlaradək məlumatların texniki müdafiəsi üçün avadanlığı hazırlayır və istehsal edir. Məhsullarımıza Azərbaycanın güc strukturlarının marağı bundan qaynaqlanır”, - A.Qorbaç bildirib.
Onun sözlərinə görə, İnstitutun istehsal etdiyi avadanlığın qiyməti Rusiya, İsrail, İsveçrə və ABŞ-da istehsal olunan analoji avadanlıqla müqayisədə bir qədər ucuzdur. “Həmçinin Azərbaycan Belarus üçün döst ölkədir, və biz analoji vasitələr istehsalçılarından daha aşağı qiymət təklif edirik. Azərbaycan üçün qiymətlərimiz 20-30%, bəzi hallarda isə hətta 50% ucuzdur”, - A.Qorbaç qeyd edib.
O, həmçinin məlumat verib ki, Azərbaycanın güc strukturlarından biri üçün texniki müdafiə vasitələrinin tədarükünə dair müqavilə hazırlanıb. “2019-cu ilin əvvəlində müqavilə imzalanacaq və biz tədarükə başlayacağıq. Müqavilə avadanlığın tədarükü, tətbiqi, öyrənilməsi və zəmanətli xidmətini nəzərdə tutur”, - A.Qorbaç vurğulayıb.
Eyni zamanda, o, müqavilənin kiminlə bağlandığını və kommersiya sirrinə əsaslanaraq, dəyərini dəqiqləşdiməyib. **
B.Rüstəmbəyov