Dövlət Gömrük Komitəsi (DGK) 2019-cu ildə idxalçı şirkətlərin 30%-ni “yaşıl dəhliz” sisteminə cəlb etməyi planlaşdırır. Bunu komitə sədri Səfər Mehdiyev deyib.
"Biz gömrük orqanlarının əməkdaşları və sahibkarlar arasında birbaşa əlaqələrdən tamamilə imtina etmək istəyirik. Bu istiqamətdə addımlardan biri şirkətlərin "yaşıl dəhliz" sisteminə cəlb edilməsi ilə bağlı olacaq. Gələn il “yaşıl dəhliz” sisteminə Azərbaycana idxalla məşğul olan şirkətlərin təxminən 30%-nin qoşulacağını planlaşdırırıq", - deyə o, bu gün jurnalistlərə bildirib.
Sədr əlavə edib ki, cari ilin sonuna kimi "İxracın elektron idarəetmə sistemi"nin pilot versiyasının təqdim edilməsi planlaşdırılır.
"Pilot versiya demək olar ki, hazırdır və biz onu sahibkarlara təqdim etməyi nəzərdə tuturuq. Gələcəkdə idxalçılar da bu sistemə qoşulacaqlar. Beləliklə, sahibkarlar və gömrük orqanlarının əməkdaşları arasında əlaqələr minimuma endiriləcək", - deyə S.Mehdiyev qeyd edib.
Azərbaycanın gömrük sahəsində "yaşıl dəhliz" buraxılış sistemi 2016-cı ildən tətbiq olunur.
Xəbər verildiyi kimi, 60-dan çox biznes subyekti "yaşıl dəhliz" buraxılış sistemindən istifadə edir. Bu sistemin imkanlarından yararlanan iş adamları mal və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilmədən öncə birbaşa öz ofislərindən və ya internetə çıxışı olan hər hansı məkandan qısa idxal bəyannamələrini elektron qaydada təqdim etməklə risklərin idarə olunması sisteminin tətbiqi ilə idxal etdikləri mal və nəqliyyat vasitələrini anbarlarına apara bilərlər.*
Ə.Məmmədov