Azərbaycan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın ratifikasiya prosesinə start verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məlumat verib.
“Depozitari qismində çıxış edən Qazaxıstan, cari ilin oktyabr ayında Konvensiyanı Azərbaycana təqdim edib. Hazırda Konvensiyanın ratifikasiyasına dair dövlətdaxili prosedurlar həyata keçirilir”, - L.Abdullayeva “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Eyni zamanda, o, sənədin ratifikasiya prosesinin nə qədər zaman aparacağını dəqiqləşdirməyib.
Xəbər verildiyi kimi, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı ölkənin dövlət başçılarının sammiti Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə başa çatıb.
Sənədə əsasən, Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İranın Xəzərin statusu ilə bağlı mövqelərinin 22 ildir davam edən razılaşdırılması prosesi başa çatıb.
Konvensiya bütün iştirakçılar tərəfindən imzalandığı andan etibarən qüvvəyə minir. Sənəd müddətsizdir.**
F.İsazadə