Azərbaycan İranın Tehran vilayətindən diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyub. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (QTA) məlumatında deyilir.
«Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən İran İslam Respublikasının Tehran vilayətində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılması müəyyən edilib. Bununla əlaqədar olaraq, Tehran vilayətindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb”, - deyə məlumatda bildirilir.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən İran İslam Respublikasının Tehran vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub.*
R.Babayev