Dekabr ayının 6-da Varşavada Azərbaycan Ticarət Evi açılıb. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə 30-a yaxın Azərbaycan şirkətinin istehsal etdiyi məhsullar, o cümlədən spirtli içkilər, quru meyvələr, nar, fındıq, çay, mürəbbə, meyvə suları, mineral sular, kosmetik məhsullar və s. nümayiş olunur.
İqtisadiyyat naziri Şahin Mustafayev Polşada Azərbaycan məhsullarına böyük marağın olduğunu qeyd edib. “Varşavada Azərbaycan Ticarət Evinin açılması iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına öz töhfəsini verəcək”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, bu ilin ilk 9 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 57% artıb. “İndiyədək Polşa Azərbaycana 20 mln. dollardan çox, Azərbaycan isə Polşaya 6,5 mln. dollar investisiya yatırıb. Hazırda Azərbaycanda xidmət, sənaye və ticarət sahələrində 21 Polşa şirkəti fəaliyyət göstərir.
Əməkdaşlığın inkişafı perspektivlərindən danışan Ş.Mustafayev ölkələrimiz arasında sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat, təhsil, turizm və digər sahələrdə böyük potensialı diqqətə çatdırıb.
Məlumatda qeyd olunur ki, Azərbaycan Ticarət Evi ilə Polşanın “STX ONE” şirkəti arasında fındıq və nar şirəsi konsentratının satışına dair Anlaşma Memorandumu imzalanıb.
Hazırda Azərbaycan Ticarət evləri Belarus, Ukrayna və Çində fəaliyyət göstərir.*
B.Rüstəmbəyov