Hesablama Palatası Sahibkarlığa Kömək Milli Fondun fəaliyyətində bir sıra nöqsanlar və çatışmazlıqlar aşkar edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Palatadan məlumat verilir.
“Audit tədbirləri SKMF-nin 2015-2017-ci illərdə fəaliyyətini əhatə edib. Bu illər ərzində sahibkarlıq subyektlərinə 583,9 mln. manat məbləğində güzəştli kredit ayrılıb, bu da indiyədək verilən bütün kreditlərin 27,9%-ni təşkil edr. Bu vəsaitin 170 mln. manatı (29,1%) dövlət büdcəsi, daha 413,9 mln. manatı (70,9%) – Fondun şəxsi hesabına ayrılıb”, - Palatadan məlumat verilib.
Audit nəticəsində Fond tərəfindən maliyyələşdirilən bəzi investisiya layihələrinin kənd təsərrüfatı torpaqları kateqoriyasına aid əkin sahələrində əsaslı tikinti işlərinin aparılması ilə Torpaq Məcəlləsinin tələbləri pozulması faktı müəyyən edilib.
O cümlədən, Palatadan hesab edirlər ki, SKMF tərəfindən layihələr üzrə zəruri monitorinq aparılmayıb. “2015-ci ildə aktiv layihələr üzrə sahibkarlıq subyektlərinin 11,63%-i, 2016-cı ildə 2,55%-i, 2017-ci ildə isə 7,93%-i monitorinqlərlə əhatə edilib”, - Palatadan qeyd olunur.
Fond tərəfindən maliyyələşdirilən investisiya layihələrinin ekspertizası həyata keçirilsə də ekspertizanın keçirilməsi qaydaları hazırlanmayıb, Fondun müvəkkil kredit təşkilatları tərəfindən dəfələrlə pozulma faktları qeydə alınıb.
Məlumata görə, 1 yanvar 2018-ci il tarixinə müvəkkil kredit təşkilatları tərəfindən Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinə verilmiş aktiv kreditlərin qalığı 1 mlrd. 53,3 mln. manat təşkil edib
“Bu məbləğin 95,6 mln. manatı - vaxtı keçmiş kreditlər, 4 mln. manatı - faiz borcu, 29,4 mln. manatı – onlar üzrə cərimənin payına düşüb. Vaxtı keçmiş kredit borclarının 75,5%-i bank lisenziyası ləğv edilmiş müvəkkil kredit təşkilatlarının, 24,5%-i isə fəaliyyətdə olan müvəkkil kredit təşkilatlarının payına düşür”, - Palatadan qeyd ediblər.
SKMF 1992-ci ildə yaradılıb. Prezident İlham Əliyevin cari il avqustun 1-də imzaladığı “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərmana əsasən, SKMF ləğv edilib, onun əvəzində nazirliyin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi təsis edilib.
Fondun nizamnamə fondu 1 mlrd. 94 mln.254,581 min manatdır.**
Ə.Məmmədov