Vaşinqton Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasına verdiyi töhfəni yüksək qiymətləndirir. Bunu ABŞ müdafiə nazirinin müavininin müşaviri Laura Kuper deyib.
“ABŞ Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasına verdiyi uzunmüddətli töhfəsini yüksək qiymətləndirir”, - deyə L.Kuperin bəyanatında bildirilir. Bəyanatı ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb.
L.Kuper, həmçinin Avropa və Asiya arasında strateji coğrafi mövqedə yerləşən Azərbaycana terrorizmə qarşı mübarizədə mühüm tərəfdaşlığa görə minnətdarlığını bildirib.
“ABŞ-ın müttəfiqləri ilə münasibətləri gücləndirməyə, tərəfdaşdıq əlaqələrinin möhkəmləndirməyə və vəzifələri paylaşmağa çalışdığımız zaman Azərbaycana bizim iki dövlət arasında olan əlaqələrin dərinləşməsi üçün göstərdiyi sadiqliyə görə minnətdarlıq bildirirəm”, - deyə müşavir vurğulayıb.
O, ABŞ və Azərbaycan arasında terrorizm, narkotiklərin və kütləvi qırğın silahlarının yayılması da daxil olmaqla transmilli təhlükələrə qarşı aparılan ikitərəfli münasibətləri dərinləşdirməyin vacibliyini diqqətə çatdırıb.
L.Kuper ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə olan öhdəliyini yenidən təkrarlayıb və münaqişənin həllinin gücün və təhdidlərin istifadə olunmaması, ərazi bütövlüyü və insanların müqəddəratını müəyyən etmə hüququ da daxil olmaqla Helsinki Yekun Aktına əsaslanmasını vurğulayıb.*
F.İsazadə