2018-ci ildə 13 rayon üzrə arıçılıq təsərrüfatlarına ümumilikdə 374 min manat məbləğində subsidiya veriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“Nazirlikdə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib. İclasda 13 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 1404 arıçıya 373,93 min manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edilib”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyi 17 rayon üzrə 1408 arıçı və arıçılıq təsərrüfatına 360,97 min manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edib.
Beləliklə, 2812 arıçı və arıçılıq təsərrüfatına ümumilikdə 734,9 min manat məbləğində subsidiya veriləcək.
Prezident İlham Əliyev cari ilin mart ayında arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 5 il müddətinə (2018-2023-cü illər) subsidiyanın verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə) görə ildə10 manat məbləğində subsidiya verilir.*
B.Rüstəmbəyov