Lizinq şirkətlərinin informasiyası “Azərbaycan Kredit Bürosu” MMC-nin sisteminə inteqrasiya olunacaq. Bu barədə Büronun cümə günü yayılan məlumatında deyilir.
“Büro tərəfindən ilkin olaraq lizinq şirkətlərinin Büroya inteqrasiyası imkanlarının qiymətləndirilməsi aparılacaq və onların Büroya qoşulması üçün zəruri təlimatlar və test mühit təqdim olunacaq”, - məlumatda qeyd edilir.
Məlumata əsasən, müvafiq hazırlıq prosesini başa çatdırmış və öz portfelini Büroya ötürməyə hazırlığı bitirən şirkətlər Büro ilə real vaxt rejimində məlumat mübadiləsinə başlayacaqlar.
Xəbər verildiyi kimi, 2017-ci ilin dekabr ayında özəl kredit bürosunun yaradılması üzrə təşəbbüs qrupunun iclasında "Azərbaycan Kredit Bürosu" MMC-nin təsis edilməsi qərara alınıb. Büronun təsisçiləri "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Bank Respublika" ASC, "Xalq Bank" ASC, "Kapital Bank" ASC, "PAŞA Bank" ASC, "Rabitəbank" ASC, "Unibank KB" ASC və "Ziraat Bank Azərbaycan" ASC olub. Büro 2018-ci il fevralın 1-də fəaliyyətə başlayıb və nizamnamə kapitalı 2 mln. manata bərabərdir.
Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.**
Ə.Məmmədov