Prezident İlham Əliyev Sankt-Peterburq şəhərində keçirilmiş MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısı çərçivəsində Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə söhbət edib. Bunu Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparıldı”, - H.Hacıyev “AzərTAc” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, bu iki amil bir-biri ilə sıx şəkildə bağlıdır və biri-digərini tamamlayacaq şəkildə davam etdirilməlidir.
“Son dövrlərdə qoşunların təmas xətti və dövlət sərhədi boyunca nisbi sakitlik mövcuddur. Bu da münaqişənin həlli üzrə substantiv və intensiv danışıqların aparılması üçün yaxşı fon yaradır. Bu, əsla münaqişənin dondurulması və ya qəbuledilməz olan status-kvonun saxlanması anlamına gəlməməlidir”, - H.Hacıyev qeyd edib.
O vurğulayıb ki, Azərbaycan Dağlq Qarabağ münaqişəsində status-kvonun tezliklə dəyişməsinin tərəfdarıdır. “ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də dövlət başçıları səviyyəsində status-kvonun dəyişdirilməsinin vacibliyini dəfələrlə vurğulayıblar. Münaqişənin həlli üzrə danışıqlar nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi bərpa olunmalıdır”, - H.Hacıyev bəyan edib.
Onun qeyd etdiyi kimi, İ.Əliyevin Paşinyanla söhbəti zamanı Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə olundu.
O cümlədən, H.Hacıyev iki ölkə arasında rabitənin yaradılması məsələsini şərh edib. “Bu cür əlaqə mövcuddur. Bu əlaqələr müntəzəm xarakter daşımır, dövlət başçıları, xarici işlər və ya müdafiə nazirləri səviyyəsində olan təmaslar deyil, aşağı səviyyədə və lazım olan hallarda həyata keçirilir”, - o bildirib. **
R.Babayev