Avropa İttifaqı (Aİ) və Azərbaycan 2019-cu ilin yanvar ayında siyasət və təhlükəsizlik, eləcə də ticarət məsələlərinə dair dialoqu davam etdirəcək. Bu barədə Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas məlumat verib.
"Gələn ilin yanvar ayında Brüsseldə Aİ və Azərbaycan arasında siyasət və təhlükəsizlik, eləcə də ticarət məsələlərinə dair danışıqların növbəti raundu keçiriləcək", - deyə K.Yankauskas bu gün "İnterfaks-Azərbaycan" agentliyinin müxbirinin sualına cavab olaraq jurnalistlərə bildirib.
Onun sözlərinə görə, siyasət və təhlükəsizlik, habelə ticarət məsələləri strateji tərəfdaşlığa dair yeni sazişin üç blokundan ikisidir.
Xəbər verildiyi kimi, Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.
Yeni sazişlə bağlı danışıqlara 2017-ci il fevralın 7-də başlanılıb.*
F.İsazadə