Avropa İttifaqı (Aİ) Azərbaycanla strateji tərəfdaşlığa dair yeni saziş layihəsi üzrə danışıqların tezliklə başa çatacağına ümid edir. Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
“Aİ-nin 13 nəfərdən ibarət nümayəndə heyəti bu həftə Bakıda olub. Danışıqların iki raundu (siyasət və ticarət məsələləri ilə bağlı) baş tutub. Bu gün həm də sektoral məsələlərə dair videokonfrans keçirilib. Bu danışıqlarda tərəfdaşlığa dair gələcək müqaviləni müzakirə etdik”, - deyə o, bu gün “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavab olaraq jurnalistlərə bildirib.
Diplomatın sözlərinə görə, Aİ bu danışıqlara ciddi yanaşır, onlar ilk dəfə belə geniş tərkibdə keçirilib.
K.Yankauskas əlavə edib ki, Bakı və Brüssel dekabr ayının sonunadək sektoral məsələlərə dair dialoqu davam etdirməklə bağlı razılığa gəlib. “Biz danışıqları (sazişə dair – İF) mümkün qədər tez başa çatdırmağa çalışacağıq”, - deyə o qeyd edib.
Xəbər verildiyi kimi, Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.
Yeni sazişlə bağlı danışıqlara 2017-ci il fevralın 7-də başlanılıb.*
F.İsazadə