Bu gün “Azərpoçt” MMC ilə “Rusiya poçtu” arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Memorandum “Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində imzalanıb.
«Memorandum tərəflər arasında poçt, maliyyə və elektron xidmətlər sahəsində yaranan problemlərin aradan qaldırılmasını nəzərdə tutur», - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, “Azərpoçt” elektron ticarət məhsullarının poçtla göndərilməsi və çatdırılması sahəsində 2 ildir ki, beynəlxalq “HUB” layihəsini həyata keçirir. Bu layihənin həyata keçirilməsində “Rusiya Poçtu” “Azərpoçt”un əsas tərəfdaşlarından biridir. Sözügedən layihə çərçivəsində “Rusiya Poçtu” ilə daha öncə də beynəlxalq poçt xidmətləri sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş bağlanıb.
“Hazırda isə imzalanan memorandumun məqsədi beynəlxalq daşımalar zamanı yaranan problemlərin hər iki ölkənin poçtdaşımalarının maraqlarına əsasən həll edilməsi istiqamətində yeni addımlar atmaqdır”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, “Azərpoçt”un tranzit mərkəzi vasitəsilə Azərbaycandan Rusiyaya 2018-ci ilin 9 ayı ərzində göndərilən poçt həcminin ümumi çəkisi 93,485 kq təşkil edib.
Memoranduma əsasən, Çin tərəfinin sadə kiçik paketləri üzrə terminal xərcləri üçün hər iki tərəfin maraqlarına cavab verən məqbul tariflər formalaşdırılacaq.*
R.Babayev