Azərbaycan alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı məqsədilə dünyada ən iri neft-qaz şirkətləri ilə danışıqlar aparır. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
“Hazırda Azərbaycanda alternativ enerji mənbələri hesabına elektrik enerjisi istehsalı 18% təşkil edir. Bunun əsas hissəsi su elektrik stansiyalarının payına düşür”, - P.Şahbazov aqrar texnologiyalar və yaşıl enerji üzrə Beynəlxalq Forumunda ("AgTech and Green Energy”) bildirib.
Onun sözlərinə görə, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri hesabına elektrik enerji istehsalının potensialı 25 qiqavat təşkil edir.
“2040-cı ilə kimi dünyada elektrik enerjisi sektoruna qoyulan investisiyaların 2/3-si alternativ və bərpa olunan enerji sektorunun payına düşəcək. 2040-cı ilədək bərpa olunan enerji mənbələri hesabına elektrik enerji istehsalı 40%-ə çatacaq”, - nazir qeyd edib.
P.Şahbazov vurğulayıb ki, hazırda Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı məqsədilə qanunvericilik bazasının yaradılması üzrə işlər həyata keçirilir. “Bundan əlavə, BP, TOTAL, Equinor şirkətləri ilə alternativ enerji sahəsində əməkdaşlığa dair danışıqlar aparırıq”, - nazir qeyd edib. **
B.Rüstəmbəyov