Azərbaycanın məhkəmə orqanları Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin keçmiş rəhbəri Adamkul Junusovun həbs edilməsi və ekstradisiyası üçün sanksiya verib. Bu barədə Qırğız Respublikasının Dövlət İqtisadi Cinayətkarlıqla Mübarizə Xidmətinə istinadən Qırğızıstan mətbuatı məlumat verir.
"Məlum olub ki, Qırğızıstandan qaçdıqdan sonra Adamkul Junusov ABŞ-da gizlənib. Dekabrın əvvəlində o, Bakıya gəlib və Heydər Əliyev Beynəlxalq Hava Limanında təhlükəsizlik strukturları əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılma DGX-nin keçmiş rəhbərinin beynəlxalq axtarışda olması ilə əlaqədar həyata keçirilib", - mətbuatda qeyd olunur.
Məlumata görə, keçmiş məmur prosessual prosedurlar başa çatdıqdan sonra Bişkekə göndəriləcək.
Avqustun 28-də Adamkul Junusov Cinayət Məcəlləsinin 304-cü maddəsi (xidməti vəzifəsindən sui-istifadə) ilə ittiham olunaraq axtarışa verilib. O, Qırğız Respublikasında 2013-2016-cı illərdə DGX-nin sədri vəzifəsində çalışıb. Adamkul Junusov özəl şirkətlərdən birinin nümayəndələri və qurumun digər rəsmi şəxsləri ilə davamlı korrupsiya əlaqəsi təşkil edərək dövlətə 166 mln sumdan çox maddi ziyan vurub. **
R.Babayev