Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç Azərbaycanın FIDE-nin fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
“A.Dvorkoviç bazar ertəsi prezident İlham Əliyevlə Bakıda görüşü zamanı Azərbaycan nümayəndəsinin FIDE-nin vitse-prezidenti vəzifəsinə seçilməsinin əhəmiyyətini qeyd etdi”, - dövlət başçısının saytında dərc olunan məlumatda deyilir.
Öz növbəsində, İ.Əliyev FIDE-nin prezidentinin Bakıya səfərini ölkəmizin şahmat ənənələrinə diqqət və hörmət əlaməti kimi dəyərləndirdi. Dövlət başçısı Azərbaycanla FIDE arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi.
O cümlədən, A.Dvorkoviç “Skolkovo” Fondunun sədri kimi rəhbərlik etdiyi təşkilatın Bakı ilə əməkdaşlığa önəm verdiyini, artıq telekommunikasiya sahəsində birgə işlərin aparıldığını dedi və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi. **
R.Babayev